Fevralın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı elmi-praktik konfrans keçirilib. ADPU-nun Şəki filialının akt zalında keçirilən konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Şəki REM-in rəhbərliyi və kollektivi iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun Şəki filialının direktoru riy.ü.e.d.,dosent Rafiq Rasulov konfransın işinə uğurlar arzu edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə həyata keçirilən siyasi, sosial-iqtisadi və mədəni sahədəki islahatlara qısaca nəzər salıb, dahi şəxsiyyətin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib.
AMEA-nın Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə əlaqədar Şəki REM tərəfindən həyata keçiriləcək tədbirlərin xülasəsini verərək, təşkil edilmiş bu elmi-praktik konfransın həmin silsilə tədbirlərdən biri olduğunu bildirib. Natiq ulu öndərin şəxsiyyətini, siyasi fəaliyyətini, Azərbaycan dövlətinin, azərbaycançılıq ideyalarının inkişaf etdirilməsindəki əvəzsiz xidmətlərini dərindən öyrənməyin vacibliyini vurğulayıb.
ADPU-nun Şəki filialının baş müəllimi Tahir Məhərrəmov “Heydər Əliyev tarix yaradan simalardan biri kimi” adlı çıxışında ümummilli liderin Azərbaycanın ən yeni dövr tarixinin yaradılmasındakı rolundan bəhs edib, Heydər Əliyevin Sovet Azərbaycanına, həmçinin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi dövründə türk və müsəlman ölkələri ilə yaradılan əlaqələrin mahiyyəti haqqında əhatəli məlumat verib.
AMEA-nın Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi Tural Adışirinovun məruzəsində ümummilli liderin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu, onun ədiblərə, şair və yazıçılara göstərdiyi xüsusi diqqət və qayğısı şərh olunub. O, çıxışının sonunda ümummilli liderə həsr etdiyi şeiri səsləndirib.
ADPU-nun Şəki filialının baş müəllimi Kəmalə Ramazanova sovet dönəmində, həmçinin müstəqillik dövründə Azərbaycanda həyata keçirilən təhsil islahatlarında dahi şəxsiyyətin əvəzsiz xidmətlərini, təhsil strategiyasının uğurlu nəticələrini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətləri diqqətə çatdırıb.
ADPU-nun Şəki filialının baş müəllimi Rasimə Bəkirova “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi kimi” adlı çıxışında mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinə, tarixi və mədəniyyət abidələrinin mühafizəsi və bərpasına dövlət qayğısını şərh edərək, mədəniyyətin ayrı-ayrı sahələrindəki uğurlarla bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.
AMEA-nın Şəki REM-in “Landşaftşünaslıq” şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Heydər Əliyev və gənclər siyasəti” adlı çıxışında müstəqillik dövründə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən, gənc nəslin milli ruhda tərbiyəsindən, onlara dövlət qayğısından bəhs edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin hazırda H.Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
AMEA-nın Şəki REM-in “Ekoloji coğrafiya” şöbəsinin əməkdaşı Elvin Qarayev dahi şəxsiyyətin Azərbaycanda elm və təhsilin inkişafında, himayə edilməsində və təşviqində əvəzsiz xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxışında Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxardığını, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratdığını qeyd edib. Müasir gəncliyin dahi şəxsiyyətin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə bu irsə daim sadiq olacaqlarına ümidvar olduğunu ifadə edib. O, konfransın ADPU-nun Şəki filialı ilə birgə təşkil edilməsinə görə AMEA-nın Şəki REM-nin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin sonunda ümummilli lider H.Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, konfransa təqdim olunmuş məqalələrin toplu şəklində çap olunması nəzərdə tutulub.