- Details
- Dərc edilib: 02 Noyabr 2026
- Oxunma sayı: 55
Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasında “Müasir müharibələrdə informasiyanın rolu: 44 günlük Zəfər müharibəsi aspektində” mövzusunda elmi seminar keçirilib. Seminarda filialın direktoru, dosent Vurğun Məmmədov, elmi işlər uzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Pedaqoji fakültənin dekanı fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, kafedranın rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Elmi seminarı kafedranın müdiri, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov açaraq, mövzunun aktuallığından danışıb və sözü məruzəçi, kafedranın baş müəllimi, İstanbul Universitetinin doktorantı, Tələbə Elmi Cəmiyyətinin (TEC) kafedrada tələbə elmi tədqiqat işlərinə (TETİ) məsul şəxsi Günel Əliyevaya verib.
Məruzəçi çıxışında informasiya anlayışına, informasiya üstünlüyünün hərbi strategiyadakı yerinə, OODA dövrünə və informasiya manipulyasiyasına toxunub və çıxışında tarixi nümunələr (Troya atı, Enigma şifrəsinin açılması), rəqəmsal dövrdə informasiya müharibəsinin təkamülü kimi məsələlərə yer verib. Məruzənin əsas hissəsi 44 günlük Zəfər müharibəsində informasiya mübarizəsinə həsr olunub. Burada dron görüntülərinin real vaxtda yayımı, beynəlxalq media ilə ünsiyyət və mülki əhaliyə qarşı hücumların sənədləşdirilməsi təhlil edilib. Bu təcrübə Rusiya–Ukrayna və İran–ABŞ–İsrail müharibələrindəki informasiya kampaniyaları ilə müqayisə olunub. Çıxışın sonunda qaytarılmış torpaqlarda həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrindən bəhs edilib.
Məruzədən sonra mövzu ətrafında müzakirələr başlayıb. Filialın direktoru, dosent Vurğun Məmmədov, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva, kafedranın baş müəllimləri: TEC-in sədri Səadət Feyzullayeva, ped.ü.f.d. Kifayət Şirinova və Ulduz Əbdurrəhimova çıxış edərək, müharibələr və 44 günlük Zəfər müharibəsi haqqında fikirlərini bölüşüblər. Onlar mövzunun müasir dünyanın tələblərinə uyğun olduğunu və məruzənin mövzunu tam əhatə etdiyini vurğulayıblar və məzmunlu təqdimata görə məruzəçiyə təşəkkürlərini bildiriblər.
Elmi seminarın sonunda professor Firədun İbrahimov məruzə ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdıraraq təqdimatın mükəmməl sistem halında olduğunu, lakonikliyini, vətən sevgisi ilə, emosional hisslərlə təqdim edildiyini, akademik dildə formalaşdırıldığını vurğulayıb və seminarın nəticələrini yüksək qiymətləndirib.
