- Details
- Dərc edilib: 08 May 2026
- Oxunma sayı: 21
Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş XIX elmi konfransı öz işinə başlayıb. Konfransa filialda 10 ixtisas üzrə təhsil alan 92 tələbənin elmi tədqiqat işi təqdim olunub.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, tələbələrdə funksional tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, elmi idrak metodlarına yiyələnmə, problem xarakterli məsələlərin araşdırılması onların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində və gələcəkdə elm yolunu seçməsində mühüm rol oynayır.
Konfransın panel müzakirəsində filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin təqdimatında “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğunun mərhələləri” mövzusunda məruzə dinlənilib.
Daha sonra müxtəlif ixtisaslar üzrə tələbələrin təqdimatları olub. “Sosial iş” ixtisasının III tədris ili tələbəsi Aytac Məmmədli “İşğaldan azad olunmuş ərazilərdə sosial-humanitar sahələrdə quruculuq işləri”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II tədris ili tələbələri Fidan Musayeva və Ləman Kərimli “Süni intellekt və onun tətbiq sahələri”, “Məktəbəqədər təhsil” ixtisasının I tədris ili tələbəsi Jalə Sayadlı isə “Uşaq ədəbiyyatında Ulu Öndər obrazı” mövzularında çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirə olunub.
Qeyd edək ki, konfrans öz işini 7–8 may tarixlərində “Humanitar və sosial elmlər”, “Təbiət və dəqiq elmlər”, “Filologiya elmləri”, “Pedaqogika-psixologiya elmləri” və “Xarici dillər” olmaqla, 5 bölmə üzrə davam etdirəcək. Bölmə komissiyalarının protokollarına əsasən, ən yaxşı elmi-tədqiqat işlərinin müəllifləri I, II və III dərəcəli diplomlarla təltif olunacaqlar.
