R.Rasulovun yubiley tədbiri

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulovun anadan olmasının 65 ili tamam olur. Bu münasibətlə filialda təntənəli tədbir keçirilib. Tədbiri giriş sözü ilə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq, dos. Rafiq Rasulovun uzunmüddətli elmi və pedaqoji fəaliyyətindən, Şəkidə mövcud olan bu ali təhsil müəssisəsinin formalaşmasında və inkişafında oynadığı roldan bəhs edib. Sonra dos. Rafiq Rasulovun keçdiyi həyat yolunu işıqlandıran videoçarx nümayiş olunub.
Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, ped.e.d., prof. Firədun İbrahimov, elmi işlər üzrə direktor müavini, ped.u.f.d., dos. Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, ped.ü.f.d., dos.Sədrəddin Bədiyev, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş müəllim Əsmayə Əkbərova çıxış edərək, dos. Rafiq Rasulovun humanist rəhbər, dəyərli alim, sevimli pedaqoq kimi kollektivdə böyük nüfuza sahib olmasını xüsusi vurğulayıb, ona elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıblar. Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən dos. Rafiq Rasulova ünvanlanmış Fəxri Fərman təqdim olunub.
Eyni zamanda tədbirdə filialın Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru dosent Ulduz Mürşüdova 65 illik yubileyi münasibətilə təbrik edilib, onun filialda uzun müddət ərzində səmərəli fəaliyyətindən, elmi tədqiqat sahəsində qazandığı uğurlardan bəhs olunub. Bildirilib ki, dos. Ulduz Mürşüdova filialda “Xarici dil (İngilis) müəllimliyi” ixtisası üzrə mütəxəssislərin hazırlanmasında müstəsna rol olmaqla yanaşı, Filologiya fakültəsinin rəhbəri kimi həm kollektivin, həm də tələbələrin hörmət və sevgisini qazanıb. Ulduz Mürşüdova təkcə Şəkidə deyil, eyni zamanda ölkədə kurikulum təlimçisi kimi müəllim kardlarının pesəkarlığının artırılmasına öz töhfəsini vermiş dəyərli pedaqoqdur.
Tədbirdə ADPU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən dos.Ulduz Mürşüdovaya ünvanlanmış Fəxri Fərman təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, dos. Rafiq Rasulov 10 aprel 1958-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə Şəki şəhərindəki 7 saylı orta məktəbdə, 1975-1980-ci illərdə BDU-nun Riyaziyyat fakültəsində təhsil alıb, 1980-ci ildə riyaziyyatçı, müəllim ixtisasları üzrə həmin fakültəni bitirib. 1980-ci ildən Şəkidə əmək fəaliyyətinə başlayıb, Şəki Taxılçılıq sovxozu qiyabi orta məktəbinin Böyük Dəhnə tədris-məsləhət məntəqəsində müəllim, 1983-cü ildən Şəki şəhərində Seysmik stansiyada böyük texnik, mühəndis, geofizik vəzifələrində işləyib, 1993-cü ildə M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialında Təbiət elmləri kafedrasının müdiri vəzifəsinə seçilib, 1994-cü ildə həmin filialda tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. 1992-ci ildə “Üçlaylı geoloji mühitdə tektonik dalğavari proseslərin modelləşdirilməsi” mövzulu dissertasiya işini müdafiə edərək, riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 2008-ci ildə dosent elmi adı alıb. 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına, 2021-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.
2014-cü ildə "Qeyri-xətti parabolik və hiperbolik tənliklərin keyfiyyət xassələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
Rafiq Rasulov müxtəlif illərdə Fransa, Türkiyə, Gürcüstanda təcrübə kurslarında olub, Türkiyə, Rusiya, Ukrayna, Hindistan, Polşa, Bolqarıstan və başqa ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak edib. Üç monoqrafiya, iki dərs vəsaiti, onlarla elmi məqalənin müəllifidir, 20-dən çox məqaləsi beynəlxalq jurnallarda çap edilib.
Rafiq Rasulov 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tədris işləri üzrə direktor müavini, 2001-2015-ci illərdə həmin filialda direktor vəzifəsində işləyib. 2015-ci ildən ADPU-nun Şəki filialının direktorudur. Rafiq Rasulov bu ali təhsil ocağının inkişafında müstəsna rol oynayan, regionda və ölkəmizdə böyük nüfuz sahibi olan ziyalılardandır. Humanist rəhbər, dəyərli yoldaş, tələbələrinin sevimlisi olan pedaqoq kimi kollektivdə böyük hörmət qazanan dos.Rafiq Rasulovun rəhbərliyi dövründə filialda təhsilini basa vuran yüzlərlə gənc bu gün müxtəlif təşkilatlarda ləyaqətlə çalışır, təhsilimizin inkişafına oz töhfələrini verirlər.
Dos. Ulduz Mürşüdova 1958-ci ildə Şəki şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi, 1985 -ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu “İngilis və fransız dilləri müəllimi” ixtisası üzrə bitirib.
1985-1988-ci illərdə Şəki rayonu Qaradağlı kənd səkkizillik orta məktəbində ingilis dili müəllimi işləyib, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində işə qəbul edilib, 1993-cü ildən kiçik elmi işçi, 1997-ci ildən “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri vəzifəsinə təyin edilib.
1999-cu ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2011-ci ildə dosent elmi adı alıb.
2004-cü ilin 13 mart - 25 may tarixlərində akademik heyətlə birlikdə ATN və ABŞ Dövlət Departamentinin “Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının (kurikulumun) inkişafı” birgə layihəsinə əsasən, ABŞ-nin Vircinya ştatı, Meysn Universitetində araşdırmalar və məktəblərdə müşahidələr aparıb.
Hazırda ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanı və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi vəzifəsində işləyir.
Dos.Ulduz Mürşüdova dəfələrlə respublikada keçirilən elmi konfranslarda, eləcə də beynəlxalq səviyyəli konfrans və simpoziumlarda elmi məqalələrlə çıxış edib, əsərləri ölkəmizdə və xaricdə elmi məcmuələrdə dərc olunub. İki monoqrafiya, bir dərs vəsaiti, 3 metodik vəsait, 70-dən çox elmi məqalənin müəllifidir.

 

 





001002003
fondeduadpubir

VKkj