Aprelin 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Regional Miqrasiya İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəki RMİ-nin əməkdaşları: şöbə rəisi Rəşad Bağırov, baş inspektor Şahsuvar Məmmədəliyev, inspektor Ruslan Qarayev, filialın müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi sükutla yad edilib.
Sonra ADPU-nun Şəki filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva tədbirin mövzusu haqqında iştirakçılara məlumat verib. Ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə filialda silsilə tədbirlərin həyata keçirildiyini vurğulayan Nərminə Nəsrullayeva bugünkü tədbirin keçirilməsinin də əsas məqsədinin gənclərin Heydər Əliyevin ideya-nəzəri irsini dərindən mənimsəmələrini təmin etmək olduğunu vurğulayıb.
Şəki RMİ-nin fəaliyyəti ilə tanışlıq məqsədilə tədbirdə, əvvəlcə, şöbə rəisi Rəşad Bağırovun Dövlət Miqrasiya Xidmətinin yaradılması, fəaliyyəti, mövcud strukturlar və regionda Şəki RMİ-nin rolu, inspektor Şahsuvar Məmmədəliyevin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyat qaydaları ilə bağlı qısa məlumatları dinlənildikdən sonra Şəki RMİ-nin inspektoru Ruslan Qarayev “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə ulu öndərin keçdiyi şərəfli həyat yoluna nəzər salınıb, onun memarı olduğu müstəqil Azərbaycan dövlətinin inkişafı, iqtisadi, hərbi, siyasi baxımdan üstün mövqe əldə etməsi, Azərbaycanda təhsilin inkişafı, gənclərlə işin təşkili və s. sahədə həyata keçirdiyi möhtəşəm işlər haqqında iştirakçılara əhatəli məlumat verilib.
Məruzə başa çatdıqdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələr öz fikirlərini bölüşüblər, onları maraqlandıran suallar cavablandırılıb.
Baş müəllim Nərminə Nəsrullayeva tədbirin təşkil edilməsinə və maraqlı məruzəyə görə Şəki RMİ-nin əməkdaşlarına öz təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkilib.





001002003
fondeduadpubir

VKkj